Ukrayna Prezidenti Volodimir Zelenski artıq rus dilində tərcüməçiyə ehtiyacı olduğunu bildirib.
Yerli KİV-in yazdığına görə, bu barədə o, Kiyevdə keçirdiyi mətbuat konfransında bəyan edib.
Belə ki, Türkiyənin Anadolu informasiya agentliyinin müxbiri dövlət başçısına Qəzza zolağında baş verənlərlə bağlı rus dilində sual ünvanlayıb.
“Həyat o qədər dəyişib ki, indi mənə rus dilindən tərcüməçi lazımdır”, - deyə ukrayna lideri cavab verib.
Zelenski həmçinin ABŞ-ın Ukraynaya mümkün xəyanətindən də danışıb. Dövlət başçısı Amerika Birləşmiş Ştatlarına əmin olduğunu və buna görə də ölkəsinin tam dəstək və maliyyə yardımı alacağını bildirib.
“Maliyyə yardımına gəlincə, biz bunun üzərində çox işləyirik. Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək”, - deyə Zelenski vurğulayıb.