Belqrad meriyasının qarşısında baş verən iğtişaşlar zamanı iki polis əməkdaşı ağır yaralanıb.
Senzor.az bildirir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "Pink" telekanalına müsahibəsində deyib.
Dövlət başçısı həmçinin qeyd edib ki, daha bir neçə polis zabiti etirazçılar tərəfindən onlara atılan daşlardan yüngül xəsarətlər alıb.
Onun sözlərinə görə, iğtişaş törədən 35 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
**01:48
Serbiya Prezidenti Aleksandar Vuçiç paytaxt Belqrad şəhərində baş verən nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Bu barədə TV Pink məlumat yayıb.
Qeyd edək ki, polis əməkdaşları kütləvi şəkildə Belqrad administrasiyasının meydanına gələrək etirazçıları qovublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları meydanın perimetri boyu mövqe tutaraq binaya baxış keçirib və ətrafına canlı qalxan düzüblər. Hadisə yerinə həmçinin Serbiyanın Daxili İşlər Nazirliyinin rəhbəri Bratislav Qasiç də gəlib.
**23:58 (24.12.2023)
Dekabrın 18-də axşam saatlarında Serbiyada paytaxt Belqradın mərkəzində Respublika Seçki Komissiyasının (RSK) binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları növbəti etiraz mitinqinə toplaşıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazçılar şəhərin əsas Kralya Milan küçəsini bağlayıblar. RSK-nın binası ilə Serbiya Prezidentinin iqamətgahı arasında səhnə yaradılıb. Daha sonra müxalifət tərəfdarları seçki komissiyasının binasından şəhər administrasiyasının əsas girişinə doğru hərəkət ediblər.
Qeyd olunur ki, nümayişçilər binaya basqın etməyə çalışırlar. Onlar qapını sökmək üçün bayraq dirəklərindən istifadə edib, həmçinin pəncərəni sındırıblar və orada daş və pivə qutuları atmağa başlayıblar. Eyni zamanda etirazçılar müşahidə kameralarını da sındırıblar. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər.
Etirazçılar özləri ilə Serbiya və Avropa İttifaqının bayraqlarını gətiriblər, hökumət əleyhinə şüarlar, respublika prezidentinə qarşı təhqiramiz sözlər səsləndirir, səsgücləndiricilərdən, fitlərdən və tütəkdən istifadə edirlər.
Bu arada Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç baş verən hadisələrlə bağlı xalqa müraciət edib.
“Narahat olmayın, heç bir inqilab baş vermir, onlar heç nə edə bilməyəcəklər", - deyə ölkə başçısı müraciətində vurğulayıb.
Onun sözlərinə görə, xarici kəşfiyyat xidmətləri iğtişaşların hazırlanması və Belqrad şəhər administrasiyasının binasını müxalifət tərəfdarları tərəfindən ələ keçirmək planları barədə Serbiya təhlükəsizlik qüvvələrini əvvəlcədən məlumatlandırıb.
Vuçiç bildirib ki, o, etirazçılardan 80-100 metr məsafədən mesaj yazır, onun sözlərinə görə, onların arasında bir neçə cinayətkar da var.
“Onlar göstərdilər ki, zorakılıq onların siyasi rəqibləri ilə mübarizə aparmağın yeganə yoludur. Neçə gündür bunu göstəririk, bir neçə gündür deyirik ki, xalqın onlara səs vermək istəmədiyini bildikləri üçün, heç vaxt xalqın etimadını qazana bilməyəcəklərini bildikləri üçün buna hazırlaşırlar”,- deyə o vurğulayıb.
Serbiya Prezidenti qeyd edib ki, ölkənin hər yerindən ona aidiyyəti olan vətəndaşlardan hökumətin müdafiəsi üçün öz yardımlarını təklif edən zənglər gəlir.