Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.
Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2024-cü ilin ilk həftələrində Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.
**
İran Cənubi Qafqazda sülhün bərqərar olmasını tam dəstəkləyir.
Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Sülhün kəsişməsi” layihəsi ilə bağlı təşəbbüsünü alqışladıqlarını vurğulayıb.
İranlı nazir əlavə edib ki, ölkəsi eyni zamanda, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi tranzit yolunun tikintisini tam dəstəkləyir.
Abdullahian həmçinin qeyd edib ki, İran regionda sülh və stabilliyin kənar qüvvələrin müdaxiləsi olmadan təmin olunmasını istəyir.
Abdullahianın sözlərinə görə, İrəvanla Bakı arasında davamlı sülhə 2024-cü ilin ilk aylarında "3+3" platforması çərçivəsində nail olmaq olar. Belə ki, iranlı nazir dünən axşam Azərbaycanın xarici işlər naziri ilə telefon danışığı apardığını xatırladıb. O diqqətə çatdırıb ki, Ceyhun Bayramovun bəyanatları Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq üçün səylərin davam etdirilməsindən xəbər verir.
Abdullahian son bir həftə ərzində Rusiya xarici işlər naziri Sergey Lavrovla da Ermənistanla Azərbaycan arasında münasibətlərlə bağlı iki telefon danışığı apardığını bəyan edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, Ermənistanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyi ilə bağlı İranın aydın mövqeyinə ölkəsi xüsusi əhəmiyyət verir.
**
İrəvan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketini öyrənəcək və öz yanaşmalarını lazımi qaydada təqdim edəcək.
“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı ilə birgə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Mirzoyan hesab edir ki, Bakı ilə sülh üçün fürsət pəncərəsi açılıb.
Mirzoyanın sözlərinə görə, Ermənistan sülhün bərqərar olması, münasibətlərin normallaşdırılması üçün Azərbaycanla xoş niyyətli və konstruktiv danışıqlar aparır: “Biz Azərbaycanla bir neçə istiqamətdə və mərhələli danışıqlar aparmışıq, konkret sülh sazişi üzərində işləyirik. Bir çoxları prosesi məntiqi sonluğa çatdırmaq üçün real imkanların olduğunu təsdiqləyir”.
**16:25
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Bu barədə İran XİN məlumat yayıb.
Görüşdə İranın Ermənistandakı səfiri də iştirak edib.
Qeyd edək ki, Abdullahian bu gün İrəvana səfəri çərçivəsində erməni həmkarı ilə də görüşüb.
**14:58
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb.
Bu barədə İran KİV-i məlumat yayıb.
Nazirlər Cənubi Qafqazdakı mövcud vəziyyəti, həmçinin 3+3 formatını müzakirə ediblər.
Onlar həmçinin ikitərəfli münasibətlər barədə danışıblar.
**11:33
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ermənistana gedib.
Bu barədə “Tasnim” məlumat yayıb.
XİN başçısının İrəvana səfəri çərçivəsində Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşləri planlaşdırılıb.
Danışıqlarda əsas diqqət siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrinin genişləndirilməsi yollarının nəzərdən keçirilməsi, həmçinin Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında əməkdaşlığı nəzərdə tutan “3+3” formatı çərçivəsində Cənubi Qafqaz regionunda mühüm məsələlər üzrə məsləhətləşmələrə yönəldiləcək.