“Rəsmi İrəvan nümayəndələrinin birmənalı olmayan bəyanatlarına baxmayaraq, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlükdən əhəmiyyətli dividentlər əldə edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Rusiya Moskva-İrəvan münasibətlərinin gərginləşməsi fonunda Ermənistanın 2024-cü ildən Avrasiya İqtisadi İttifaqına rəhbərlik etməsində təhlükə görürmü?” sualına cavabında bildirib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiya ilə Ermənistan arasında praqmatik qarşılıqlı sərfəli əməkdaşlıq mövcuddur. “İlbəil Ermənistanın iqtisadi göstəricilərində yüksək artım müşahidə olunur. Biz görürük ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlükdən əhəmiyyətli dividentlər əldə edir. Respublikasının nümayəndələrinin birmənalı olmayan bəyanatlarına baxmayaraq…Rusiya və Ermənistan ittifaqın digər ölkələri kimi konstruktiv və siyasiləşdirilməmiş dialoq qurur. Yanvarın 1-dən Avrasiya İttifaqına sədrlik Ermənistana keçir. Bu ölkənin baş naziri Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclasında çıxışında İrəvanın İttifaq çərçivəsində tapşırıqların tam şəkildə orta və uzun müddətli perspektivdə yerinə yetirmək məqsədini qarşısına qoyduğunu bəyan edib. Biz tərəfdaşlarımızın bu cür, Avrasiya İqtisadi inteqrasiyasının möhkəmlənməsi və inkişafına istiqamətlənən niyyətini dəstəkləyirik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.