Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 73-ə çatıb.
TASS xəbər verir ki, məlumatı Yaponiyanın regional hakimiyyəti yayıb.
Bidirilib ki, 100-dən çox insan yaralanıb, 200-dən artıq yaşayış binası, 250-dən artıq tikilməkdə olan bina dağılıb.
**12:34
Yaponiyanın mərkəzində baş verən zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 65 nəfərə çatıb.
Bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.
100-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qurbanların və xəsarət alanların əksəriyyəti zəlzələlərin mərkəzi olan İşikava prefekturasının sakinləridir.
Təbii fəlakət zonasına göndərilmiş xilasedicilər, fövqəladə hallar işçiləri və hərbçilər dağıntılar altında qalmış insanların axtarışlarını davam etdirir.
Yanvarın 1-dən bəri Yaponiyada 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal təşkil edib. Ölkənin bütün qərb sahillərində sunami təhlükəsi 20 saatdan çox davam edib.
Seysmoloqlar xəbərdarlıq edib ki, bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və maqnitudası 7-dən yuxarı olan yeni güclü zəlzələlərin baş verməsi riski var.
**09:44
Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xeyli dağılmış tikili olduğu üçün dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimalı böyükdür.
Baş nazir Fumio Kişida jurnalistlərə açıqlamasında hökumətin dağıntı altında qalanların xilası üçün bütün qüvvəsini səfərbər etdiyini, xilasedicilərin zamanla yarışdığını deyib. O, zəlzələnin ziyan vurduğu bölgədə yaşayanların və təxliyə edilənlərin lazımi məişət ləvazimatları və ərzaqla təchizatı üçün müvafiq qurumlara göstəriş verildiyini bildirib.
Yaponiyanın Meteorologiya Agentliyi isə qarşıdakı günlərdə gözlənilən yağışın təbii fəlakət bölgəsində torpaq sürüşmələrinə səbəb ola biləcəyini açıqlayıb.
Xatırladaq ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. Agentlik yanvarın 2-də güclü sunami xəbərdarlığını ləğv etsə də, ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanların ola biləcəyini açıqlayıb. Sakinlərə ehtiyatlı olmaq, sahil və çaylardan uzaq durmaq, müvəqqəti olaraq təhlükəsiz ərazilərə təxliyə tövsiyə edilib.
**18:57(02.01.2024)
Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ölənlərin ümumi sayı 55 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, regional hakimiyyət orqanlarının dərc etdiyi yeni məlumatda belə deyilir.
Məlumata əsasən, 100-dən çox insan xəsarət alıb, onlardan 17-nin vəziyyəti ağırdır.
Ölənlərin və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İşikava prefekturasının sakinləridir. Orada zəlzələdən sonra baş verən yanğınlar 200-dən çox yaşayış binasını dağıdıb.
**11:33
Yaponiyada baş verən silsilə zəlzələlərdə ölənlərin sayı 30-a çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ən ağır vəziyyət davam edən zəlzələlərin episentrinin yaxınlığında olan İşikavadadır.
Orada azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 200-dən çox evdə yanğın baş verib, 100-dən çox yaşayış binası uçub, ən azı 17 evin dağıntıları altında qalanlar var.
Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər fasiləsiz işləyirlər. Faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri də bölgəyə cəlb olunub.
Xatırladaq ki, yanvarın 1-də Yaponiyanın qərbində 7,6 bala çatan güclü zəlzələlər baş verib, yeraltı təkanlar Osaka və Kiotoda hiss edilib. Təbii fəlakət 1885-ci ildə müşahidələr başlayandan bəri regionda baş verən ən güclü zəlzələ hesab edilib.
**01:04
Yaponiyanın mərkəzi hissəsində baş verən güclü zəlzələlər nəticəsində İşikava prefekturasında azı 4 nəfər ölüb.
Bu barədə “Kyodo” agentliyi yerli hökumətə istinadən məlumat yayıb.
Daha əvvəl dağılmış yaşayış binalarının dağıntıları altında iki nəfərin ölü vəziyyətdə tapıldığı bildirilirdi. İşikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb.
Digər xəbər agentlikləri isə bildirirlər ki, Yaponiyanın mərkəzində baş verən güclü zəlzələlər nəticəsində sunami təhlükəsi səbəbindən Akita, Yamaqata, Niiqata, İşikava, Fukui, Hyoqo, Tottori, Fukuoka və Saqa prefekturalarının ən azı 97 min sakini evakuasiya əmri alıb.
Ölkənin yanğınsöndürmə idarəsindən bildiriblər ki, indiyədək İşikava və Niiqata prefekturalarında 2 minə yaxın insan təxliyə olunub. İnsanlar xüsusi təxliyə mərkəzlərindədir, onların həyatları üçün təhlükə yoxdur.
Bu arada o da məlum olub ki, Yaponiya İmperator Evi Tokioda imperator Naruhito və imperator ailəsinin digər üzvlərinin iştirakı ilə yanvarın 2-də keçirilməli olan Yeni il tədbirlərini ləğv etmək qərarına gəlib.
Müvafiq qərar Yeni il günü ölkədə baş vermiş silsilə güclü zəlzələlərlə bağlı vəziyyət nəzərə alınaraq qəbul edilib.
Xatırladaq ki, hər il yanvarın 2-də on minlərlə yapon Tokionun mərkəzində yerləşən İmperator sarayına gəlir, burada imperator və monarxın ailəsinin digər üzvləri onları Yeni il münasibətilə təbrik edir. 2022-ci ildə bu mərasim üç ildə ilk dəfə keçirilib - əvvəlki illərdə koronavirusun yayılması ilə bağlı vəziyyətə görə ləğv edilmişdi.
İmperatoru təbrik etmək Yaponiyada yeni ilin əsas adətlərindən biridir. Ənənəyə görə, monarx və ailə üzvləri ziyarətçiləri İmperator sarayının gülləkeçirməz şüşə ilə bağlanmış eyvanından salamlayırlar.
**12:37 (01.01.2024)
Yaponiyanın mərkəzində ən güclüsü 7,6 bal olan bir neçə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib. Milli Meteorologiya İdarəsinin məlumatına görə, bəzi ərazilərdə sunami dalğalarının hündürlüyü 5 m-ə çatır.
Yaponiyanın Honsyu adasında müxtəlif maqnitudalarda ən azı beş güclü zəlzələ baş verib. Yeraltı təkanlar hətta Tokioda da hiss olunub. Yerli sakinlər dərhal sahilyanı əraziləri tərk etməyə və ya binaların damlarına çıxmağa çağırılır. Yapon ictimai televiziyasının diktoru canlı yayımda sahilyanı ərazilərdə yaşayan sakinləri 2011-ci il zəlzələsini və sunamini xatırlamağa və dərhal qaçmağa çağırır.
Fəlakətlə əlaqədar məlumat toplamaq və təhlil etmək üçün baş nazir Fumio Kişidanın ofisində böhran qərargahı fəaliyyətə başlayıb.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Baş nazir müvafiq nazirlik və idarələrə fəlakətin nəticələrinin aradan qaldırılması və yerli əhalinin qorunması üçün lazım olan hər şeyi etməyi tapşırıb.