Regionda münaqişə daha da genişlənməməlidir.
Bunu ABŞ dövlət katibi Antoni Blinken İordaniya Kralı II Abdullah ilə danışıqlarının yekunlarına dair "X"də yazıb.
“Bu gün Əmmanda Əlahəzrət Kral II Abdullah ilə Qəzzada və İordan çayının qərb sahilində mülki əhalinin müdafiəsi səylərini müzakirə etmək üçün görüşdüm. Qəzzada fələstinlilərə humanitar yardım göstərdiyinə görə ona təşəkkür etdim”,- A.Blinken bildirib.
Qeyd edək ki, dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərq ölkələrinə səfərə çıxıb.
O, turne çərçivəsində bundan əvvəl Türkiyə və Yunanıstana səfər edib. A.Blinken İordaniyadan sonra isə Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər edərək danışıqlar aparacaq.