Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıblar.
Yerli KİV-in məlumatına görə, “Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” bu gün Kiyevdə keçirilən danışıqlardan sonra iki ölkə liderləri tərəfindən imzalanıb.
Sənədlərə əsasən, rəsmi London Kiyevlə kəşfiyyat məlumatlarını mübadilə edəcək, kibertəhlükəsizlik, hərbi təlimlərə kömək edəcək və müdafiə-sənaye əməkdaşlığını gücləndirəcək. Bu saziş NATO-nun Vilnüs sammitində Ukrayna, “Yeddilik” qrupunun üzvləri və onlara qoşulan dövlətlər arasındakı razılaşmaları həyata keçirən təhlükəsizlik müqavilələri arasında ilkdir. Belə ki, Böyük Britaniyanın bu sənəd üzrə təhlükəsizlik öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq. Onun qüvvədə olma müddəti müqavilədə müəyyən edilir (uzadılma imkanı ilə on il). Lakin Ukrayna NATO-ya müddət bitməmiş üzv olarsa, təhlükəsizlik öhdəlikləri sona çatacaq və NATO sisteminə daxil ediləcək.
V.Zelenski bildirib ki, Britaniyanın bu sənəd üzrə öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq.
**16:21
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynanın paytaxtı Kiyevə səfərə gəlib.
Bu barədə o, “X” sosial şəbəkəsində hesabında yazıb.
“Mən Ukraynaya sadə bir ismarış çatdırmaq üçün gəlmişəm. Bizim dəstəyimiz zəifləyə bilməz və zəifləməyəcək də”, - o qeyd edib.
Britaniya Baş naziri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
*11:29
Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün Ukraynaya səfər edəcək.
Bu barədə Britaniya hökuməti məlumat yayıb.
Bildirilib ki, Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək və bu ölkəyə yeni hərbi dəstək paketini açıqlamaq üçün Ukraynaya səfər edəcək
Mətbuatın xəbərinə görə, Böyük Britaniya gələn il Ukrayna üçün hərbi maliyyəni 2,5 milyard funt-sterlinqə qədər artıracaq və pilotsuz uçuş aparatlarının təminatı ilə bağlı öhdəliyini dəstəkləyəcək.
Böyük Britaniya və Ukraynanın təhlükəsizlik sahəsində yeni əməkdaşlıq sazişi imzalayacağı da gözlənilir.(APA)