Danimarka hökuməti Ukraynaya daha bir yardım paketi təqdim etdiyini açıqlayıb. Bu dəfə o, infrastrukturun bərpasına - elektrik və istilik təchizatının təmin edilməsinə, həmçinin minaların aşkar edilməsi və zərərsizləşdirilməsinə yönəlib.
Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, bu, üç istiqamətə (hərbi dəstək, vətəndaş cəmiyyətinə dəstək və özəl sektora dəstək) malik olan “Ukrayna üçün Fond” çərçivəsində ayrılan üçüncü belə paketdir. Bu dəfə onun həcmi 151 milyon kron (22,2 milyon ABŞ dolları) olacaq.
Məlumatda vurğulanıb ki, Danimarka Ukraynaya ən böyük dəstək verən ölkələrdən biridir. Yeni paket də nəzərə alınmaqla, Danimarka bu istiqamətdə artıq 30,95 milyard kron (4,5 milyard ABŞ dolları) xərcləyib.