İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib.
Senzor.az bildirir ki, bu barədə Amerikanın ABC News telekanalı məlumat yayıb.
Ərbildə təxminən yeddi-səkkiz güclü partlayış olub. Ballistik raketlərlə və pilotsuz uçuş aparatları ilə ABŞ-ın Hərirdəki hərbi bazasına və ona bitişik beynəlxalq hava limanına zərbələr endirilib.
Hazırda Ərbildə hava hərəkəti dayandırılıb. Üç pilotsuz təyyarə vurulub. Amerika tərəfi hərbçilər arasında itkilərin olmadığını bildirib.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, “kəşfiyyat qərargahları”na və “anti-İran” qüvvələrinə qarşı ballistik raket zərbələri endirilib.
Ərəb mənbələri isə İran SEPAH-ına istinadən bildirirlər ki, qruplaşma İraqın Ərbil şəhərindəki Mossad və Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahına ballistik raket zərbəsi endirib. İddia olunur ki, ABŞ-ın Ərbildəki konsulluğu ballistik raket zərbəsindən sonra demək olar ki, tamamilə dağılıb.
Bundan əlavə, terrorçuların Suriyadakı obyektləri də ballistik raket zərbələrinə məruz qalıb.