İraq Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfiri Nasir Abdul Mohseni məsləhətləşmələr üçün geri çağırıb.
Bu barədə İraq XİN “X” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) yanvarın 15-dən 16-sına keçən gecə İraqın şimalında yerləşən Ərbil şəhərini raket atəşinə tutub. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı iddia olunur.
İraq Prezidenti Əbdüllətif Camal Rəşid bildirib ki, Sepahın Ərbili raket atəşinə tutması İraqda deyil, bütövlükdə regionda təhlükəsizliyi təhdid edir.
İraq XİN hadisəni təcavüz kimi qiymətləndirib.
Tehran isə iddia edib ki, həmin ərazidə İrana qarşı olan terrorçu qruplar toplaşırmış.
**13:04
İranın İraqdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Yerli KİV xəbər verir ki, səfirə İranın Ərbilə raket hücumlarına görə etiraz notası təqdim edilib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın Ərbil şəhərinə raket hücumu ilə bağlı deyib ki, bu əməliyyat ölkənin suverenliyinin və təhlükəsizliyinin müdafiəsi, terrorizmə qarşı mübarizə çərçivəsində həyata keçirilib: “Bu əməliyyat İslam Respublikasının ölkənin təhlükəsizliyini pozanlara qarşı ədalətli cəzasının bir hissəsi olub”.