Bosniya və Herseqovina öz sərhədlərinə Avropa sərhədlərinin mühafizəsi agentliyinin (Frontex) əməkdaşlarının yerləşdirilməsini istəyir.
AZƏRTAC xəbər verir ki, bu addımı atmaqda məqsəd Qərbi Balkan regionunda təhlükəsizlik səviyyəsini artırmaqdır. Belə ki, son illərdə Balkan marşrutunda miqrant axınları kəskin şəkildə çoxalıb.
Bosniya və Herseqovina Nazirlər Şurası bu həftə sərhədlərin inteqrasiya olunmuş idarəçiliyinə cavabdeh olan Dövlət Komissiyasının yaradılmasını nəzərdən keçirəcək. Bu komissiya digər məsələlərlə yanaşı, “Frontex” əməkdaşlarının ölkə sərhədlərində yerləşdirilməsinə də şərait yaradacaq. Komissiyanın ölkənin sərhəd idarəetmə strategiyasına və fəaliyyət planına əməl etmək mandatı olacaq.
Hazırda Bosniya və Herseqovina sərhədlərini 1791 sərhəd polisi qoruyur. Sərhəd təhlükəsizliyi qiymətləndirməsinə əsasən, bunun tələb edilən səviyyədən az olduğu bildirilir.
Qeyd edək ki, 2023-cü ildə Bosniya və Herseqovina ərazisinə 32 min miqrant daxil olub.
“Frontex” 2019-cu ildən etibarən Aİ-yə üzv olmayan ölkələrdə ilk dəfə fəaliyyətə başlayıb və Balkan regionunda Albaniya, Şimali Makedoniya, Serbiya, Monteneqro kimi ölkələrdə qarşılıqlı razılaşma əsasında 500-dək əməkdaşla birgə əməliyyatlar aparır.