Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib.
Senzor.az bildirir ki, 3 saat 45 dəqiqə davam edən iclasın yekunu ilə bağlı yayılan açıqlamada qeyd olunub ki, Türkiyə beynəlxalq hüquqa əsaslanaraq ölkə üçün təhlükə yaradan bütün terror təşkilatları ilə mübarizəni davam etdirəcək.
Vurğulanıb ki, Türkiyə qonşusu İraqla terror təşkilatlarına qarşı mübarizədə atılacaq addımlarla bağlı təmasları artıraraq ortaq coğrafiyada sülhün təmin edilməsi istiqamətində səyləri gücləndirir.
İclas zamanı, həmçinin, Liviya, Somali və Sudandakı vəziyyət və baş verə biləcək proseslər müzakirə edilib. Əlavə olunub ki, Türkiyə dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyəcək, cari məsələlərin həlli istiqamətində tərəflərlə təmasda olaraq müvafiq səylərini davam etdirəcək.