Almaniya hava limanlarında fevralın 1-nə planlaşdırılan tətil 1,1 min reysin ləğvi və ya gecikməsinə səbəb olacaq ki, bu da 200 min insanın planlarını pozacaq.
Bu barədə TASS Almaniyanın müxtəlif hava limanlarının maraqlarını təmsil edən ADV assosiasiyasına istinadən məlumat yayıb.
“Biz tarif münaqişəsinin tərəfi deyilik, lakin tətil bizim ərazimizdə keçirilir. Həmkarlar İttifaqını danışıqlar masasında həll yolu axtarmağa çağırırıq”, - ADV rəhbəri Ralf Bayzel deyib.
“Report” xatırladır ki, daha əvvəl “Verdi” həmkarlar ittifaqı tətilə çağırıb. Çağırışa hava limanının təhlükəsizlik xidmətinin 25 min əməkdaşı qatılacaq. Bu, sərnişinlərin yoxlamadan keçməyə vaxt tapa bilməməsi ilə nəticələnəcək.