İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ-la birbaşa toqquşmadan qaçmaq üçün aydın göstərişlər verib.
Bu barədə "New York Times" yazıb.
Nəşrin xəbərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurası bu həftə fövqəladə iclas keçirib.
Şura İraqda İrana yaxın qüvvələrin İordaniyada ABŞ-ın 3 əsgərinin ölümünə və 40-dan çox əsgərinin yaralanmasına səbəb olan hücumdan sonra ABŞ-ın cavab addımı atacağından dərin narahatlığını ifadə edib.
Şuranın müzakirələrindən xəbərdar olan və ictimaiyyət qarşısında çıxış etmək səlahiyyəti olmayan üç iranlı rəsmi bildirib ki, Şura çərçivəsində Prezident, xarici işlər naziri, silahlı qüvvələrin rəhbərləri və ölkənin Ali Rəhbərinin iki köməkçisi ABŞ-ın İrana hücumu və ya regiondakı proksi qüvvələrə zərbələrlə bağlı bir sıra ssenariləri və bunların olacağı təqdirdə, necə cavab veriləcəyini müzakirə ediblər.
"Müzakirələrdən xəbərdar olan mənbə bildirib ki, Əli Xamenei açıq göstərişlər verib: Birləşmiş Ştatlarla birbaşa müharibədən çəkinin və İranı amerikalıları öldürən qüvvələrin (proksilərin - red.) hərəkətlərindən uzaqlaşdırın, lakin Birləşmiş Ştatlar zərbə vurarsa, cavab verməyə hazırlaşın”, - nəşr yazıb.
Senzor.az xatırladır ki, İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei Kirmanda törədilən bombalı hücumla əlaqədar da belə göstəriş vermişdi.
Belə ki, elə həmin “New York Times”ın yazdığına görə, o vaxt da o, ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyi, İsrailə qarşı cavab əməliyyatlarını və iranyönümlü “proksi qrupların” ABŞ bazalarına hücumunu məhdudlaşdırmağı əmr etmişdi.
Yeri gəlmişkən, yanvarın 3-də İranın Kirman şəhərində törədilən partlayış nəticəsində 103 nəfər ölmüş, 211 nəfər yaralanmışdı.