Fransa özünü Ermənistanın yiyəsi kimi aparır. Paris bir vaxtlar Afrikada, Yaxın Şərqdə törətdiyi əməlləri indi Cənubi Qafqazda təkrarlamağa çalışır
Fransa Milli Jandarmeriyasının xarici əlaqələr üzrə komandanı briqada generalı Uilyam de Meyer Avropa İttifaqı (Aİ) Mülkü Missiyasının yerləşdiyi ərazilərə baş çəkib. Bu hadisə rəsmi Parisin Cənubi Qafqaza hərbi müdaxiləsinin açıq-aşkar göstəricisidr. Rəsmi Paris və Berlin Avropa İttifaqı missiyasının Azərbaycanla Ermənistan arasında sərhədyanı bölgəyə yerləşdiriləndə bunun mülki xarakter daşıdığını bildirirdilər. Ancaq missiyanın tərkibinin əvvəlcə 20-30 nəfərdən ibarət olacağı deyildiyi halda, indi onların sayı az qala hər ay artır.
“Report” xatırladır ki, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ötən ilin dekabrında “müşahidəçilərin” sayının 138-dən 209-dək artıracaqlarını bildirmişdi. Qurumun rəhbərləri iddia edirlər ki, onlarınn sayını artırmaqla Azərbaycanla Ermənistan arasında “beynəlxalq sərhədlərdə sabitliyi” gücləndirəcəklər. Jozep Borrell və Ermənistanın havadarları iki ölkə arasında münasibətlərə bu kimi müdaxilə ilə tərəfləri biri-birindən uzaqlaşdırır, etimad mühitinin yaranmasına mane olur, onların sülh və əməkdaşlıq istiqamətində addım atmasını əngəlləyirlər.
Avropa İttifaqının məlum missiyası isə dinc, mülki mahiyyətini itirir. Bu missiya Fransanın patronajlığı altında fəaliyyət göstərən hərbi qruplaşmadır. Fransa Cənubi Qafqazda hərbi mövcudluğunu bu missiya adı altında reallaşdırır.
Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda hərbi sahədə əməkdaşlığın şaxələndirilməsinə dair açıqlama vermişdi. Bununla o, Fransanın ölkə ərazisində bu istiqamətdə fəaliyyətinə "yaşıl işıq" yandırıb. Fransanın Ermənistanı silahlandırması, ölkədə missiyasını gücləndirməsi buna sübutdur. Fransalı hərbi təlimatçıların Ermənistan ordusundakı fəaliyyəti, briqada generalı Uilyam de Meyerin səfəri Azərbaycanın Ermənistanla sərhədyanı ərazilərdə mövqelərini gücləndirərək qarşı tərəfin istənilən təxribatına hazır olmasını deməyə əsas verir.
Bu kimi hadisələr Fransanın Ermənistanı revanşa hazırladığını təsdiqləyir.
Məqsəd Azərbaycana hücum edib, lokal əməliyyat keçirib ən azından bir parça torpaq almaqdır. Bununla da Fransa Cənubi Qafqazda öz gücünü nümayiş etdirir, Ermənistanda isə revanşistlərə mənəvi dəstək verir.
Fransanın bu addımları təkcə Azərbaycana qarşı deyil, həm də Ermənistanda tədricən nəzarəti itirən, bu ölkədə hərbi bazası olan Rusiyaya, Ermənistanla həmsərhəd olan İrana ismarışdır. Nəzərə almaq lazımdır ki, Tehran hakimiyyətinə radikal müxalifət uzun illərdir Fransa ərazisində yerləşir. Bu baxımdan, Yelisey sarayının perspektivdə onları silahlandıraraq Ermənistan ərazisindən İrana hücum təşkil etməyəcəyinə təminat yoxdur. Qeyd edək ki, bir vaxtlar İraqla müharibə zamanı bu müxalifət İrana qarşı hərbi əməliyyatlarda iştirak edib. Yəni belə bir təcrübə mövcuddur.
Ermənistan yaradıldığı vaxtdan Cənubi Qafqazda başqa dövlətlərə casusluq edib.
Əvvəllər çar Rusiyası, SSRİ, RF qarşısında etdiyi xidməti indi Qərbə göstərir. Başqa sözlə, Fransanın başçılığı altında ondan Azərbaycan, Rusiya, İran və Türkiyəyə qarşı kəşfiyyat plasdarmı hazırlayırlar. Tarix belə hadisələrin ziyanlı olduğunu dəfələrlə təsdiqləyib.
Livanda sabitliyin yaranmasına mane olanlardan biri də Fransadır. Rəsmi Paris bununla da Yaxın Şərqdə sabitliyin pozulmasına öz “töhfəsini” verir. Livanın İsrail ərazisinə, qarşı tərəfin isə cavab atəşi açması bunu təsdiqləyir. Yelisey sarayı Beyrut layihəsinin oxşarını Cənubi Qafqazda reallaşdırmağa səy göstərməklə Ermənistanı Livana çevirir.
Görünür, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın sonuncu günü Ermənistanın NATO ilə yaxınlaşmasının təhlükəli olacağına dair xəbərdarlıq edərkən həm də Fransanın bu ölkədə hərbi fəaliyyətni diqqətə çatdırıb: “Ermənistan NATO-ya qəbul omaq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir”.
Fransa özünü Cənubi Qafqazda NATO və Avropa İttifaqının nümayəndəsi kimi aparmaqla bu qurumların da regiondakı nüfuzuna zərbə vurur. Fransalı briqada generalının Ermənistan-Azərbaycan sərhədyanı ərazilərə səfəri Nikol Paşinyanın sülh, bir-birinə hücum etməmək barədə razılaşma, yeni konstitusiya yazmaq kimi açıqlamalarının saxtalığını ifşa edir.
Bütün bunlar göstərir ki, Fransa Ermənistana müstəmləkə torpaqları kimi yanaşır. Əks halda, rəsmi İrəvanın Azərbaycanla yaxınlaşmaya dair istəklərinə də hörmət edərdi.