Fransada fermerlərin qəzəbi səngimir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu dəfə süd istehsalçıları maaşlarının artırılması tələbi ilə Milli Assambleya və Eyfel qülləsi arasında nümayiş keçirirlər.
Onlar iş şəraitlərinin son dərəcə ağır olmasına baxmayaraq, maaşlarının çox az olduğunu bildirirlər. Süd istehsalçılarının etiraz hərəkatı Müstəqil Süd İstehsalçıları Birliyi (APLİ) tərəfindən dəstəklənir.
Hökumət fermerləri razı salmaq üçün kiçik tədbirlərə əl atsa da, onların məsələnin həllinə yaramadığı bildirilir. Fermer problemlərinin çox ciddi, struktur xarakterli və qiymətlə bağlı olduğu vurğulanır.
Süd istehsalçıları fermerlərin daha yaxşı məvaciblərlə təmin edilməsinə dair qanunun (Egalim) süd məhsulları istehsalçılarının yalnız 50 faizini əhatə etdiyini bildirərək, bu qanunun iaşə və ixraca aid olmadığını deyirlər. Onlar istehsal etdikləri 1 litr südə verilən qiymətin, istehsal xərclərindən çox aşağı olduğunu vurğulayırlar. Bu da fermerlərin ziyana işlədiyini göstərir.
Qeyd edək ki, Emmanuel Makronun fermerlərin etiraz hərəkatı başlayandan bəri ilk dəfədir fermer həmkarlar ittifaqları ilə görüşəcəyi gözlənilir.