Moskvada polis gücləndirilmiş rejimə keçirilib.
“Baza” xəbər verir ki, buna səbəb ABŞ səfirliyinin dünən paytaxtda mümkün terror aktları ilə bağlı məlumat yaymasıdır.
Məlum olub ki, Moskvanın mərkəzində və bəzi nəqliyyat növlərində patrul qruplarının sayı 2-2,5 dəfə artırılıb, mülki geyimli polislər də asayişi qorumağa cəlb olunub.
"Patrul xidmətinə xanım polis əməkdaşları da cəlb olunub. Çox güman ki, bu həm qadınların, həm də kişilərin mütləq yoxlanılması ilə bağlıdır", deyə nəşr yazıb.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatların səfirliyi rəsmi internet saytında martın 7-də ABŞ vətəndaşlarına Moskvada “izdihamlı yerlərdən” çəkinmələri barədə xəbərdarlıq yayılıb. Bildirilib ki, səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, böyük toplantılara hücum etmək planlarının gözləndiyi barədə məlumatları izləyir və ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılarda iştirakdan çəkinmələri tövsiyə olunur. "İnsanların toplaşdığı yerlərdən qaçın. Yerli mətbuatda yenilənmələri izləyin. Öz ətrafınızdan məlumatlı olun", deyə xəbərdarlıq da vurğulanıb.