Yəməndə fəaliyyət göstərən və ötən il oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsinə cavabən Qırmızı dəniz və Ədən körfəzində İsraillə əlaqəli gəmiləri hədəfə alan iranyönümlü husi qruplaşması regionda Rusiya və Çinə məxsus gəmilərə hücum həyata keçirilməyəcəyini açıqlayıb.
Bu barədə xarici KİV qruplaşmanın bir sıra rəsmi şəxsinə istinadən məlumat yayıb.
İddiaya əsasən, qruplaşmanın əsas siyasi fiqurlarından Məhəmməd Əbdüssalam ilə rus və çinli nümayəndələr arasında Omanda görüş olub. Bildirilib ki, adıçəkilən ölkələr husilərin "təhlükəsizlik zəmanəti" müqabilində BMT Təhlükəsizlik Şurası kimi ali təşkilatlarda onlara siyasi dəstək verəcəklər.
Tərəflərdən heç biri bu xəbərlə bağlı hər hansı rəsmi şərh verməyib.