Niderland təlimlər çərçivəsində özünün “Patriot” hava hücumundan müdafiə (HHM) sistemini Litvada quraşdıracaq.
Bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu yay Niderland bir neçə həftə davam edəcək təlimlər üçün “Patriot” hava hücumundan müdafiə sistemini Litvada yerləşdirəcək. Bu təlimlər NATO-nun Şərq cinahında birgə hava hücumundan müdafiə sisteminin gücləndirilməsində mühüm rol oynayacaq”, - məlumatda deyilir.
Xatırladaq ki, martın əvvəlində Litvanın keçmiş müdafiə naziri Arvidas Anuşauskas NATO missiyasının 2024-cü ildə ölkədə hava hücumundan müdafiə sistemlərinin, o cümlədən “Patriot”un rotasiya qaydasında yerləşdirilməsini təmin edəcəyini açıqlamışdı.
NATO-nun Vilnüsdə keçirilən sammiti zamanı alyans Baltikyanı ölkələrdə NATO-nun hava təhlükəsizliyi missiyasına bənzər hava hücumundan müdafiə rotasiyasına başlamaq qərarına gəlib ki, burada alyansın müxtəlif ölkələrindən olan qırıcılar növbə ilə Estoniya, Latviya və Litva səmasında mühafizə missiyalarını yerinə yetirirlər.