Terrorçular Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının oyunlarına pilotsuz uçuş aparatlarından istifadə edərək hücum edə bilərlər.
"Bild" xəbər verir ki, bu barədə alman ekspertlər xəbərdarlıq ediblər.
Ekspertlərin fikrincə, Ukrayna müharibəsi və Fars körfəzindəki husi əməliyyatları müasir dronların hücum edənlərin əlində nə qədər təhlükəli olduğunu göstərib.
"Almaniya polis həmkarlar ittifaqının rəhbəri Andreas Rosskopf dronların ən böyük problemlərdən birinə çevrildiyini təsdiqləyib. Ona görə də Avropa çempionatı zamanı bütün Almaniyada pilotsuz təyyarələrin uçuşlarına ümummilli qadağa tətbiq ediləcək. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dronlara qarşı mübarizə aparmaq üçün təchiz olunub. Məsələn, onların pilotsuz təyyarələrə qarşı silahları var”, - nəşr yazır.
Terrorizm üzrə avstriyalı tədqiqatçı Nikolas Stokhammer “Bild”ə bildirib ki, 2014-2015-ci illərdən İŞİD hücumlarda həm kamikadze, həm də partlayıcı maddələr olan dronlardan getdikcə daha çox istifadə etməyə başlayıb.
O qeyd edib ki, bu gün texnologiyanın daha əlçatan olması hücum riskini artırır: pilotsuz aparatlardan istifadə planları müvafiq terror forumlarında əsas müzakirə mövzusudur.
Ekspert onu da vurğulayıb ki, indi terrorçular bir qayda olaraq internet vasitəsilə alınan kiçik kommersiya pilotsuz aparatlarından istifadə edirlər. “Mövcud döyüş bölgələrində müasir hərbi PUA-ları ələ keçirə bilsələr, təhlükə daha da artacaq”, - o deyib.
Azvision.az xatırladır ki, martın 23-də Moskvada baş verən irimiqyaslı terror aktı nəticəsində 140-dan çox insan həlak olub. Qərb kəşfiyyatı hücumu İŞİD yaraqlı qruplaşması ilə əlaqələndirib.
Fransa bundan sonra terror təhlükəsi səviyyəsini ən yüksək səviyyəyə qaldırdığını bəyan edib. Ölkə Olimpiya Oyunlarının açılış mərasiminin ləğvi imkanını da nəzərdən keçirir.