İsrailin mərkəzi bölgəsində, Təl-Əvivdən 40 km şimal-şərqdə yerləşən Koxav-Yair şəhərində naməlum şəxslər polislərə hücum ediblər, nəticədə 4 polis əməkdaşı yaralanıb.
“The Jerusalem Post” xəbər verir ki, hücum “Eliyaqu” nəzarət-keçid məntəqəsi yaxınlığında baş verib. Naməlum şəxslər maşınla dörd polis əməkdaşını vurublar, onlardan biri ağır, digərləri ortadərəcəli bədən xəsarətləri alıblar. Daha sonra hadisəni törədənlərdən biri keçid məntəqəsində mühafizəçiləri bıçaqla yaralamağa cəhd edib və zərərsizləşdirilib, ikincisi isə avtomobillə hadisə yerindən qaçıb.
İsrail polisi hadisə ilə bağlı araşdırmalara başlayıb və əsas versiya kimi terror aktı nəzərdən keçirilir.
İsrail Təhlükəsizlik Qüvvələri və İsrail Müdafiə Qüvvələri bölgədə axtarışlar aparır və ikinci terrorçunun izinə düşüblər.