Ukrayna Baş naziri Denis Şmiqal Latviyaya səfər edib.
Bu barədə Latviya Baş naziri Evika Silinanın "Facebook" hesabında bildirilib.
"Riqaya xoş gəlmisiniz, Denis Şmiqal! Latviya xalqı Ukraynanın yanındadır. Biz Ukraynanın qələbəsini hərbi, maliyyə və siyasi cəhətdən dəstəkləyəcəyik", - Baş nazir qeyd edib.
Ukrayna Baş naziri səfəri çərçivəsində latviyalı həmkarı ilə yanaşı bu ölkənin prezidenti və Parlament sədri ilə də görüşlər keçirəcək.
Bildirilib ki, görüşlərdə əsas diqqət Ukraynanın dəstəklənməsi və Latviya ilə Ukrayna arasında iqtisadi və təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlığa yönəldiləcək.
Qeyd edək ki, Ukrayna hökumət başçısı aprelin 3-dən Estoniyada səfərdədir.