Avropa İttifaqı (Aİ) Ukraynanın Rusiya hücumlarından qorunması üçün kifayət qədər iş görmür.
Xarici KİV xəbər verir ki, bunu Aİ-nin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
O bildirib ki, Aİ Ukraynanı daha çox hava hücumundan müdafiə texnikası və sursatla təmin etməlidir: “Avropa ordusunda 100-ə yaxın “Patriot” sistemi var. Ona görə də Aİ ölkələrinin guya onları Ukraynaya ayıra bilməyəcəyi inandırıcı deyil. Biz hələ də Ukraynaya 7 “Patriot”u verə bilmirik”.
C.Borrelin fikrincə, Aİ-yə üzv ölkələr təkcə Ukraynanın gələcək bərpasına deyil, həm də indiki zamanda onun məhvinin qarşısının alınmasına daha çox diqqət yetirməlidirlər: “Yenidənqurma üçün daha az xərcin ən yaxşı yolu dağıntıların qarşısının alınması məqsədilə daha çox vəsait ayırılmasıdır”.
Ali nümayəndə bildirib ki, Aİ daha çox iş görməli, daha sürətli olmalıdır.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba martın 27-də bildirib ki, bir çox ölkə “Patriot” sistemlərinə malikdir və bu sistemlər ən qısa zamanda Ukraynaya verilə bilər.