Almaniya Kansleri Olaf Şolts İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat yayıb.
Onun sözlərinə görə, danışıq zamanı Almaniya Kansleri Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdən çəkinməyin vacibliyini vurğulayıb.
"Baş nazir Netanyahu Kansleri bölgədəki vəziyyətlə bağlı məlumatlandırıb. Kansler regionda münaqişənin genişlənməsinin qarşısının alınmasının vacib olduğunu vurğulayıb", - deyə Ş.Hebeştrayt qeyd edib.
O əlavə edib ki, danışıq zamanı O.Şolts Aİ ölkələrinin dövlət və hökumət başçılarının İrana qarşı yeni sanksiyalarla bağlı qərarını açıqlayıb.