Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkənin məktəblərində planlaşdırılan terror aktları təhlükəsi ilə bağlı açıqlama yayıb.
Senzor.az-ın məlumatına görə, açıqlamada deyilir ki, DTX-nın terrorla mübarizə bölmələri gecə boyu əməliyyat-istintaq tədbirləri həyata keçiriblər, amma ölkənin təhsil müəssisələrində partlayıcı qurğu və ya maddələr aşkar edilməyib.
Açıqlamada vurğulanır ki, əməliyyat-istintaq tədbirləri Telegram kanallarında aprelin 22-də Gürcüstanda planlaşdırılan terror aktları ilə bağlı təhdidlər yayılmağa başlayandan sonra başlayıb. Bəzi hesabatlarda hətta konkret məktəblər və ticarət mərkəzləri də olub. Bu mesajlar internetdə sürətlə yayılıb və övladlarını məktəbə göndərməyəcəklərini yazan valideynlər arasında çaxnaşma yaradıb.
Bundan əvvəl, yanvar ayında da Batumi məktəblərinə, məscidlərinə və ticarət mərkəzlərinə qarşı oxşar təhdidlər yayılmışdı. Daha sonra Dövlət Təhlükəsizliyi Xidməti bildirmişdi ki, bunlar terrorla bağlı yalan məlumatlardır.
Senzor.az