Erməni kilsəsi müharibə və qan istəyir: PAŞİNYAN İNDİ NƏ EDƏCƏK?
ELÇİN ALIOĞLU YAZIR

Ermənistanda baş verən hadisələr, yaşanan proseslər sadəcə, kənardan idarə olunan "müxalifət qrupları"nın hakimiyyətə qarşı müqaviməti deyil. Ölkədə Erməni Apostol Kilsəsi (EAK) ilə baş nazir Nikol Paşinyan arasındakı qarşıdurma artıq düşmənçilik səviyyəsinə çatıb.

 

2020-ci ilin dekabrında Ermənistanın Sünik (Zəngəzur) vilayətinə səfər zamanı Nikol Paşinyan Sisianda kilsəyə baş çəkmişdi. Kilsədə şam yandıran baş nazir keşişə yaxınlaşaraq onun əlini sıxıb görüşmək istəyəndə keşiş nümayişkaranə şəkildə əllərini qaldırmış, görüşməkdən imtina etmişdi.

 

Təəccüblü heç nə yoxdu: 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra bütün ermənilərin Katolikosu 2-ci Qaregin açıq və sərt şəkildə hakimiyyəti tənqid etməyə başlayanda hökumətlə kilsə arasındakı əlaqələr büsbütün pozulmuşdu.

 

2021-ci ildən başlayaraq isə N.Paşinyan katolikos 2-ci Qaregini ad günü münasibətilə təbrik etməkdən imtina edib. N.Paşinyanın nəzarətindəki mediaya və xüsusilə də Ermənistan İctimai Televiziyasına katolikos 2-ci Qareginin fəaliyyəti barədə minimum məlumatlar vermək, ondan müsahibələr almamaq tapşırılmışdı.

 

Ötən il Ermənistanda hakimiyyətlə kilsə arasındakı qarşıdurma pik həddə çatıb.

 

Nikol Paşinyan bəyan etmişdi ki, kilsə heç bir halda dövlətdən yüksək ola bilməz.

 

"Kilsə ilə dövlətin funksiyalarının qarışmasından təhlükəli heç nə yoxdur. Bir çox məsələlərdə kəsişmələr olsa da, dövlət öz işi ilə, kilsə öz işi ilə məşğul olmalıdır. Erməni Apostol Kilsəsi siyasi fəaliyyətlə məşlğul olmaq istəyirsə, buyursun, Ermənistan demokratik ölkədir, onlar özlərinə siyasi partiya yarada bilərlər. Hər halda bu, siyasi rəqiblərə və seçicilərə münasibətdə daha vicdanlı davranış olardı", - N.Paşinyan söyləmişdi.

 

Erməni kilsəsinitn cavabı sərt olmuşdu.

 

"Əgər kimsə dinşünaslıqla məşğul olmaq istəyirsə, Dini Seminariyaya daxil olmağa cəhd göstərə bilər. Təbii, təhsil həddini aşarsa və səhhətinin nisbətən yaxşı olması ilə bağlı inandırıcı arqumentlər göstərə bilərsə", - Erməni Kilsəsinin dəftərxanasının rəhbəri Arşak Xaçatryan bəyan etmişdi.

 

32 ildən bəri Ermənistanın işğalında olan 8 kəndimizin azad edilərək geri qaytarılması məsələsi gündəmə gələndə isə Erməni Apostol Kilsəsi (EAK) birmənalı olaraq N.Paşinyana qarşı radikal mövqe tutdu.

 

EAK sürəkli bəyanatlar verərək bildirdi ki, həmin kəndlər - sən demə - "qədim və tarixi erməni əraziləridir, heç bir halda Azərbaycana verilə bilməz".

 

Xatırladaq ki, 1990-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində səkkiz kəndi işğal edib. Onlardan 4-ü - Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı bilavasitə Qazax rayonu ərazisindədir.

 

Üç kənd - Yuxarı Əskipara, Sofulu və Barxudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

 

EAK-ın ifrat radikal və sərt mövqeyi təbii ki, Ermənistan hakimiyyətinin səbr kasasının daşmasına səbəb olmuşdu.

 

"Müqəddəs Eçmiədzin 10 xristian öhdəliyindən ən azı birini - "Yalan danışma!"nı - pozur. Onlar bilərəkdən, qəsdən yalan məlumatlar və dezinformasiya yayır, cəmiyyətdə çaşqınlıq yaratmağa, kütləvi etirazlara təkan verməyə çalışırlar", - Ermənistanda iqtidarda olan "Mülki Müqavilə" Partiyasından deputat Vaahn Aleksanyan söyləmişdi.

 

Onun sözlərinə görə, erməni xalqı dünyanın müxtəlif ölkələrində offşor şirkətlərə və milyonlarla dollarlıq sərvətə malik arxiyepiskoplara, keşişlərə yox, Nikol Paşinyana inanır.

 

Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin azad edilərək Azərbaycana təhvil verilməyə hazırlaşdırılmasına başlanmasından sonra EAK az qala isteriyaya qapılıb.

 

Ermənistan ordusunun hərbçiləri bu kəndlərin ətrafındakı mövqeləri tərk edəndən və ərazinin minalardan təmizlənməsi proseduruna başlanandan sonra Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri keşiş Baqrat Qalstyan (Srbazan) olay yerinə yollanıb.

 

Artıq iki həftədir ki, keşiş Baqrat həmin ərazilərdəki ermənilərlə Kirants və Aşağı Əskipara kəndlərinin arasındakı əraziyə İrəvandan, habelə Ermənistanın müxtəlif yerlərindən gələn "etirazçı"ların rəhbərinə, az qala ideoloquna çevrilib.

 

Yolu kəsməyə çalışan və fasiləsiz etiraz aksiyası keçirənlər arasında Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyanın adamları, Xankəndidəki keçmiş terrorçu xuntanın mənsubları, siyasi arenada yenidən yer tutmağa çalışanlar, Rusiyadakı erməni icmasının rəhbərlərinin muzdlu şərtlərlə ezam etdikləri şəxslər və s. var.

 

Etiraz aksiyalarına rəhbərlki edən, planlaşdırmanı aparan və maliyyələşdirən strukturlardan biri Ermənistan Apostol Kilsəsidirsə, bilavasitə Tavuş (Tovuzqala) rayonundakı aksiyalara keşiş Baqrat "mənəvi rəhbər"lik edir.

 

Yaşananlar, qeyd etdiyimiz kimi, təsadüflər zənciri yox, yaxşı düşünülmüş prosesdir.

 

Əsrlərdən bəri dünya erməniliyini birləşdirən mərkəz rolunu oynayan Erməni Apostol Kilsəsi tarix boyu osmanlı türklərinə və xalqımıza qarşı ən məkrli, çirkin əməllərin, planların və ssenarilərin hazırlanmasında bilavasitə iştirak edib.

 

Qarabağ münaqişəsinin alovlanmasının, qarabağlı erməni separatçılığının, Ermənistanın işğalçılıq planlarının və ərazi iddialarının da müəllifi bilavasitə Erməni Kilsəsidir.

 

Monofizit dini ideologemlərə əsaslanan, xristianlığın bütün başqa yönlərindən kəskin fərqlənən və özündən savayı heç bir xristian kilsəsini “kamil” saymayan Erməni Apostol Kilsəsi katolizimdə, pravoslavlıqda, lüteranlıqda, anqlikan kilsəsində və s. az qala təriqət, sekta hesab olunur.

 

Kilikiya və Eçmiədzin kimi iki mərkəzə malik olaraq parçalanmış Erməni Kilsəsi monofizit ruhda olduğundan, məsələn, pravoslavlığa görə, erməni keşiş yalnız tövbədən sonra «normal xristian» sayıla bilər.

 

Təbii ki, bütün bunlar teologiyadır və dinşünaslıqla bağlı məqamları geniş şərh etmək niyyətində deyilik.

 

Ancaq Ermənistanda yaşanan son proseslər əsrlərdən bəri erməni cəmiyyətinə hakim olan təhlükəli ideyaların hələ də qüvvədə olduğunu, Erməni Apostol Kilsəsinin reallıqdan uzaq durmaqda israrlı olduğunu və ən pisi - qonşu ölkədə gərginliyi maksimum həddə çatdırmaq niyyətindən əl çəkmədiyini görürük.

 

Erməni din xadimləri, xüsusilə də Tavuşda və Zəngəzurdakı keşişlər revanşist ideyaların təbliğatçısı olmaqla yanaşı, aşkar şəkildə yeni müharibə tələb edirlər.

 

Onların illüziyalarında Ermənistanın sərhədləri Kür çayının qərb sahillərindən başlayaraq Türkiyənin Trabzon və Şanlıurfa vilayətlərində başa çatır. Üstəlik, bu illüziya aralıq arzudur: Eçmiədzin ermənilərə “Böyük Ermənistan” idefiksini tarixi gerçək qismində təqdim edərək, reallıq əvəzində xam xəyallarla yaşamağın daha üstün olduğunu aşılamağa çalışır.

 

Azərbaycanla sülh sazişinin imzalanmasını, şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesini, Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsini, Türkiyə ilə münasibətlərin normallaşmasını “xəyanət” kimi qələmə verən Erməni Apostol Kilsəsi hazırda Nikol Paşinyan hakimiyyətinə düşmən kəsilib.

 

Rəsmi İrəvan bu təhlükənin öhdəsindən gələ biləcəkmi?

 

Cavab az sonra bilinəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.