Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. Buna səbəb rəsmi Vaşinqtonun parlamentdə “Xarici agentlər” haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb etməsi olub.
Senzor.az bildirir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.
“Gürcüstanın Baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan bildirib ki, Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib. O, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırdığından narahatlığını ifadə edib.
“Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini yüksəkvəzifəli ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı hər hansı məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu”.