Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinin Çinə dövlət səfəri başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bir az əvvəl Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.
Si Cinpin Vladimir Putini salamlayıb, növbəti dəfə Rusiya Prezidenti seçilməsi münasibəti ilə onu təbrik edib.
Putin isə bildirib ki, Çin ticarət-iqtisadi sahədə Rusiyanın əsas tərəfdaşıdır: “2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi 227 milyard dollara çatıb”.
Artıq liderlər arasında məhdud tərkibdə görüş başlayıb. Bu, Vladimir Putinin yeni prezidentlik müddəti başlayandan bəri xaricə ilk səfəridir.
Qeyd edək ki, Rusiya Prezidentinin Çinə dövlət səfəri 2 gün davam edəcək.
**01:04
Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya liderinin təyyarəsi Pekinin Hava Limanına enib.
Qeyd edək ki, bu, Putinin beşinci dəfə prezident seçildikdən sonra ilk xarici ölkə səfəridir.
Yeri gəlmişkən, Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov dünən keçirilən brifinqdə demişdi ki, Prezident Vladimir Putinin Çinə səfəri zamanı Çin lideri Si Cinpin ilə danışıqlarının əsas mövzularından biri enerji sektorunda yeni təşəbbüslər olacaq: “İkitərəfli əməkdaşlığın əsas hərəkətverici qüvvəsi energetikadır. Ötən il Çinə neft, boru kəməri ilə qaz, LNG və kömür təchizatı üzrə rekordlar yenidən qırılıb. Liderlərin danışıqlarında, təbii ki, enerji sahəsində yeni təşəbbüslər də müzakirə olunacaq”.
Senzor.az