Türkiyədə 34 ildən sonra “Səfərbərlik və hərbi vəziyyət nizamnaməsi” ləğv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.
Sənədə əsasən, 24 may 1990-cı il tarixli və 90/500 saylı Nazirlər Şurasının qərarı ilə qüvvəyə minmiş səfərbərlik və hərbi vəziyyət nizamnaməsi ləğv edilərək onun əvəzinə “Səfərbərlik və hərbi vəziyyət əsasnaməsi”nin tətbiqinə başlanılıb.
Əsasnamə “dövlətin bütün qüvvə və resurslarının hərbi vəziyyətə və ya müharibəni labüd edə biləcək gərginlik və böhran dövrlərinə uyğun olaraq sürətlə hərəkətə keçirmək üçün hazırlıqların yerinə yetirilməsini” tələb edir.
Əsasnamə prezident səlahiyyətinin artırılması ilə də seçilir. Belə ki, əsas dəyişikliklərdən biri səfərbərlik elanı yetkisinin Nazirlər Şurasından Prezidentə ötürülməsidir. Yəni, müharibə tələb edən vəziyyət yarandıqda, üsyan baş verdikdə, vətənə və ya respublikaya qarşı güclü və təsirli qiyam baş verdikdə, ölkənin və millətin bölünməzliyinə daxildən və xaricdən təhlükə yaradan davranışlar baş verdikdə, Prezident ümumi və ya qismən səfərbərlik elan edilməsi haqqında qərar qəbul edə bilər.