"Problem ondadır ki, son aylarda biz Ukraynaya vəd etdiyimizi yerinə yetirməmişik".
Yeri KİV xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Sofiyada NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib.
"ABŞ yeni yardım paketini təsdiqləməyə altı ay sərf etdi. Bir milyon patron vəd edən avropalı müttəfiqlər Ukraynaya bu sayda patronu və bu rəqəmə yaxın bir rəqəmi belə çatdırmayıblar. Və elə keçən ay, aprel ayında NATO-nun müdafiə nazirləri prezident Zelenski ilə görüşdülər və o, daha çox hava hücumundan müdafiə vasitələrinə, xüsusən Patriot sistemləri və ya SAMP-T kimi qabaqcıl hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyac olduğunu vurğuladı. Almaniya bir əlavə Patriot sistemi verməkdən savayı, digər müttəfiqlər hava hücumundan müdafiə ilə bağlı vəd etdiklərini yerinə yetirmədilər. Təbii ki, bu boşluqlar, hərbi dəstəkdəki bu gecikmələr öz nəticəsini verdi. Bu, akademik nəzəriyyə kimi bir şey deyil. Onların sursat, hava hücumundan müdafiə vasitələri almaması, söz verdiyimiz hərbi ləvazimatları almaması ukraynalıların torpaqlarını müdafiə etməsini çox çətinləşdirib. Silahsız olduğu üçün gələn rus raketlərini vura bilməyəndə, döyüş meydanında silahsız olanda təbii ki, bunun nəticələri də olur.
İndi döyüş meydanında vəziyyətin çətin olmasının səbəbi də budur", NATO Baş katibi deyib.
Alyansın Baş katibi vurğulayıb ki, müttəfiqlər addım atmalıdır:
"Təbii ki, bir neçə müttəfiqin son açıqlamalarını alqışlayıram. Mən əlbəttə ki, ABŞ Konqresinin Ukrayna üçün 60 milyard dollar əlavə yardım paketini qəbul etmək qərarını alqışlayıram. Bunlar vacib qərarlardır, onlar döyüş meydanında fərq yaradacaq. Dəstək yenidən gəlməyə başlayıb, lakin gecikmələr və həmçinin hər şeyin söz verildiyi kimi verilməməsi ciddi nəticələrə səbəb olub.
Mən qəti şəkildə inanıram ki, (Ukraynaya -red.) dəstək üçün daha möhkəm, daha güclü institusional struktura ehtiyacımız var. Qısamüddətli, könüllü yardım elanları yaxşıdır, lakin uzunmüddətli perspektivdə Ukrayna üçün daha çox proqnozlaşdırıla bilən, daha güclü dəstəyə ehtiyacımız var".