Avropa İttifaqının Çindən Rusiya silah tədarükünə dair heç bir sübutu yoxdur.
Yerli KİV xəbər verir ki, Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel bu barədə Sinqapurda keçirilən və Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu tərəfindən yayımlanan “Şanqri-La Dialoqu” sammitində deyib.
“Çin Rusiyaya silah tədarük etməyəcəyi barədə öhdəlik götürüb və bunun baş verdiyinə dair heç bir sübutumuz yoxdur”, - deyə Jozep Borrel bildirib.
Bir müddət öncə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps London və Vaşinqtonun əlində Çinin Ukraynadakı hərbi əməliyyatlarda istifadə olunması üçün Rusiyaya silah tədarük etdiyi və ya edəcəyi ilə bağlı dəlillərin olduğunu demişdi.
Çin Xarici İşlər Nazirliyi bu ittihamlara cavab olaraq Ukraynadakı vəziyyətlə bağlı ədalətli və obyektiv mövqe tutduqlarını və qanuna uyğun şəkildə silah və ikili təyinatlı malların ixracına ehtiyatlı və məsuliyyətli yanaşdığını qeyd edib.
ÇXR xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Van Venbin isə Vaşinqtonun Kiyevə hərbi yardım göstərdiyini, lakin Rusiya ilə Çin arasında normal əməkdaşlığı tənqid etdiyini xatırladaraq bunu ikiüzlülük və ikili standartların tipik nümunəsi adlandırıb.