İndoneziya HƏMAS və İsrail arasında atəşkəslə bağlı ABŞ Prezidenti Cozef Baydenin təklif etdiyi planı dəstəkləyir.
Bunu İndoneziyanın müdafiə naziri Prabovo Subianto Sinqapurda “Şanqri-La Dialoqu” forumunda çıxışı zamanı deyib.
“Biz bu təklifi mühüm və düzgün addım kimi qiymətləndiririk. HƏMAS nümayəndələrinin də buna müsbət yanaşmasından məmnunuq”, - deyə nazir bildirib. Onun sözlərinə görə, İndoneziya Qəzza sektoruna humanitar yardım göstərmək üçün mümkün olanı etməyə, həmçinin təklif olunan atəşkəs rejimini qorumaq və monitorinq aparmaq üçün regiona sülhməramlı qüvvələr göndərməyə hazırdır.
Qeyd edək ki, fevral ayında İndoneziyada keçirilən prezident seçkilərində qalib gələn Prabovo Subianto oktyabrda dövlət başçısı vəzifəsinin icrasına başlayacaq.