Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev xanımı ilə birlikdə Türkiyəyə rəsmi səfərə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Mirziyoyev və onu müşayiət edən nümayəndə heyətini Ankaraya gətirən təyyarə bir az əvvəl Esenboğa hava limanına enib.
Mirziyoyevi hava limanında vitse-prezident Cevdet Yılmaz, Özbəkistanın Ankaradakı səfiri Əlişer Azamhocayev və digər rəsmi şəxslər qarşılayıblar.
İyunun 6-sı səhər saatlarında iki ölkə liderlərinin sədrliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçiriləcək.
Danışıqlar zamanı Özbəkistan-Türkiyə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, siyasi, ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya, təhsil və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunacaq.
Proqrama uyğun olaraq, iki ölkənin aparıcı müəssisə və şirkətlərinin rəhbərləri ilə ilk birgə görüşün keçirilməsi də nəzərdə tutulub.
Senzor.az