Avropada, Şimali Atlantika Alyansı ölkələrinin ərazisində ABŞ-ın 80 min əsgəri var.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu rəqəm Prezident Cozef Baydenin ABŞ Senatına və Nümayəndələr Palatasına yazılı bildirişində yer alıb.
"ABŞ Silahlı Qüvvələrinin 80 minə yaxın hərbi qulluqçusu müttəfiqlərimizi ruhlandırmaq və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün NATO-nun Avropadakı ölkələrinə göndərildi və ya yerləşdirildi", - Bayden qeyd edib.
Bu rəqəm ötən illə müqayisədə dəyişməz olaraq qaldı. NATO ölkələrindən başqa, ABŞ-ın daha 576 əsgəri Kosovoda, 2 310-u Səudiyyə Ərəbistanında, 3 813-ü İordaniyada, 75 əsgəri isə Livanda yerləşdirilib.
Ancaq məktubda ABŞ-ın İraq və Suriyadakı əsgər və zabitlərinin sayı açıqlanmır - məlumatlar "milli təhlükəsizliyi təmin etmək" üçün qapalı qalır.
Bayden əlavə edib ki, Nigerdə yaxın aylarda ölkədən çıxarılacaq 700 ABŞ əsgəri qalıb.