Ukrayna-Rusiya müharibəsində mövqeyimiz bəllidir, biz uşaq deyilik. Bu, təbii ki, mürəkkəb siyasi məsələdir. Bu, elə bir vəziyyətdir ki, ona müvafiq cavab tapmaq çətindir.
Bunu Macarıstan Baş naziri Viktor Orban NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Ukrayna-Rusiya müharibəsinin yaratdığı bu çətin situasiya hələ sona çatmayıb: “NATO sammiti başa çatdıqdan sonra çətin məqamlar meydana çıxa bilər, elə bir hal yarana bilər və qərarlar verilə bilər ki, bu müharibəyə müdaxiləni tələb etsin”.
Baş nazir Orban vurğulayıb ki, bütün bunları nəzərə alaraq, o, Baş katiblə razılığa gəlib ki, istənilən əməliyyatlarda iştirak könüllü olsun: “Bu gün bizə zəmanət verildi ki, Ukrayna Rusiya müharibəsi kontekstində istənilən əməliyyatlarda Macarıstan heyəti iştirak etməməlidir, Macarıstan maliyyəsi istifadə olunmamalıdır və bu müharibəyə müdaxilə üçün Macarıstan ərazisindən istifadə edilməməlidir. Bu müzakirə çox çətin, ancaq konstruktiv oldu və mən Baş katibə bunun üçün təşəkkür edirəm”.
**
“Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibənin ilk günlərindən Macarıstan minlərlə ukraynalı qaçqına sığınacaq verib və yaralı əsgərlərin reabilitasiyasına kömək edib".
Bunu NATO Baş katibi Yens Stoltenberq Macarıstan Baş naziri Viktor Orbanla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Macarıstanın gördüyü bu işlər birgə təhlükəsizliyə töhfə verir.
Stoltenberqin sözlərinə görə, bugünkü görüşdə gündəlikdə olan müxtəlif mürəkkəb məsələlər, alyansın Vaşinqton sammitinə hazırlıq müzakirə edilib.
Yens Stoltenberq vurğulayıb ki, NATO-nun əsas vəzifəsi müharibəni başlatmaq yox, onun qarşısını almaq, çəkindirmə siyasəti yürütməkdir.
Stoltenberq Viktor Orbanla Ukraynadakı vəziyyəti də müzakirə etdiyini diqqətə çatdırıb:
“Mən ümid edirəm ki, sammitdə müttəfiqlər Ukraynaya təhlükəsizlik təminatı, təlimlər və yardım məsələsində aparıcı rol almaqla bağlı razılığa gələcəklər. Mən həmçinin ümid edirəm ki, NATO üzvləri Ukraynanı hərbi yardımla dəstəkləmək üçün uzun müddətə maliyyə planı ilə bağlı razılığa gələ biləcəklər.
Baş nazir Viktor Orban açıq şəkildə bəyan etdi ki, Macarıstan NATO-nun bu səylərində iştirak etməyəcək və mən bu mövqeni qəbul edirəm. Mən şadam ki, Baş nazir Orbanla Macarıstanın NATO-nun Ukraynaya yardımında iştirak etməməsi ilə bağlı üsullar üzərində işləyəcəyimiz barədə razılığa gəldik. Macarıstanın heç bir hərbi heyəti bu fəaliyyətlərdə iştirak etməyəcək və onun heç bir maliyyə vəsaiti bu fəaliyyətləri dəstəkləmək üçün istifadə edilməyəcək. Eyni zamanda, Baş nazir məni əmin etdi ki, Macarıstan bu səylərin qarşısını almayacaq və digər müttəfiqlərə mane olmayacaq. Baş nazir Orban vurğuladı ki , Macarıstan NATO öhdəliklərinə sadiq olmağa davam edəcək”.
**
“Macarıstanın Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyi NATO-nun əksər üzvlərindən fərqlidir”.
Bunu Macarıstan Baş naziri Viktor Orban NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.
“NATO-dakı üzvlərin yanaşmasının bizdən fərqli olduğunu etiraf edirik. NATO hər zaman bizə öz mövqeyimizi ifadə etməyə şərait yaradıb və buna görə Baş katib Stoltenberqə minnətdaram. Təbii ki, Macarıstanın NATO daxilində fikirləri dəyişdirməyə imkan verəcək potensialı və imkanları yoxdur. Macarıstan artıq bəyan edib ki, NATO daxilində alınacaq və bizim mövqeyimizdən fərqli ola biləcək istənilən qərarı bloklamaq niyyətində deyil”, - Orban qeyd edib.
Onun sözlərinə görə, NATO çərçivəsində hər hansı əməliyyatlarda iştirak yalnız könüllü ola bilər: “Ona görə də Macarıstana onun tələb etdiyi zəmanətlər verilib”
**12:15
NATO Baş katibi Yens Stoltenberq Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş Baş katib Stoltenberqin Budapeştə səfəri çərçivəsində baş tutub. Tərəflər qarşıdan gələn NATO sammitinə hazırlığı müzakirə edəcəklər.
Xatırladaq ki, NATO sammiti iyul ayında Vaşinqtonda keçiriləcək.(APA)