Rusiya Prezidenti Vladimir Putinin atəşkəs təklifi ultimatumdur və ona etibar etmək olmaz.
APA xəbər verir ki, bunu G7 sammiti çərçivəsində İtaliyada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski "SkyTG24" xəbər kanalına deyib.
Zelenski bildirib ki, atəşkəs tələbləri yerinə yetirilsə belə, o, Putinin hərbi hücumu dayandıracağına inanmır:
“Bunlar keçmişdə verilən mesajlardan heç bir fərqi olmayan ultimatum mesajlarıdır. O, dayanmayacaq. O, istəyir ki, işğal olunmuş ərazilərimizin bir hissəsindən əl çəkək, amma işğal olunmamış ərazilərimizi də istəyir. Ölkəmizin bölgələrindən danışır, o, dayanmaz. Dondurulmuş münaqişə olmayacaq. Bu, Hitlerin "Mənə Çexoslovakiyanın bir hissəsini verin və bu, burada bitəcək" deyərkən etdiyi şeydir. Amma yox, bunlar yalandır, tarixi yalanlardır. Çexoslovakiyadan sonra Polşa var idi, sonra bütün Avropanın işğalı”.
Ukrayna Prezidenti qeyd edib ki, “Putin əvvəl Krım və Donbasdan danışırdı, indi isə 4 regiondan danışır”.
Xatırladaq ki, Putin XİN-də bugünkü çıxışında bildirib ki, Kiyev NATO ambisiyalarından əl çəkərsə və Moskvanın iddia etdiyi dörd vilayətin hamısından imtina etməyə razılaşarsa, Rusiya Ukraynadakı müharibəni dayandıracaq.