"NATO-nun Baş katibi vəzifəsinə təyin olunmaq böyük şərəfdir".
Bunu Niderlandın Baş naziri Mark Rutte "X" hesabında paylaşımında bildirib.
O vurğulayıb ki, alyans Avropanın kollektiv təhlükəsizliyinin təməl sütunudur və belə olaraq qalacaq.
"Bu təşkilata rəhbərlik etmək mənim üçün böyük məsuliyyətlə yanaşdığım bir öhdəlikdir. Mənə etibar etdikləri üçün bütün müttəfiqlərə minnətdaram. Mən son 10 ildə NATO-ya görkəmli liderlik etmiş və həmişə böyük heyranlıqla yanaşdığım Yens Stoltenberqin xələfi kimi oktyabr ayında bu vəzifəyə böyük həvəslə başlamağı səbirsizliklə gözləyirəm", - Mark Rutte paylaşımında bildirib.
**12:48
Niderlandın Baş naziri Mark Rutte NATO-nun Baş katibi seçilib.
"Reuters" xəbər verir ki, NATO müttəfiqləri Niderlandın Baş naziri Mark Rutteni NATO-nun növbəti rəhbəri seçiblər.
Ruttenin bu vəzifəyə yeganə rəqibi olan Rumıniya prezidenti Klaus İohannis keçən həftə namizədliyini geri götürdüyünü elan etdikdən sonra onun təyinatı rəsmiləşib.
Rutte bu postda hazırkı Baş katib Yens Stoltenberqi əvəz edəcək.
Xatırladaq ki, Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır.