Ankara Türkiyə və Ermənistan nümayəndələri arasında bu günə planlaşdırılan görüşlə bağlı fikrindən daşınıb.
Adı çəkilməyən diplomatik mənbə erməni mediasına belə məlumat verib. Bir müddət əvvəl iyulun 2-də Ermənistan-Türkiyə sərhədində iki ölkə nümayəndələrinin görüşünün planlaşdırıldığı barədə məlumat yayılmışdı.
“Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - diplomatik mənbə yazıb.
Görüşün, ümumiyyətlə, ləğv edilib-edilmədiyi barədə isə hələlik heç bir açıqlama verilməyib. Yeri gəlmişkən, planlaşdırılan görüş barədə məlumat rəsmən təsdiqlənməmişdi.
Azvision.az xatırladır ki, iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan görüşlə bağlı müəyyən anlaşmanın olduğunu vurğulamışdı.
“Uzun müddətdir ki, rəsmi görüş olmayıb, amma bizim aramızda razılıq var. Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün nə vaxt və harada baş tutacağı ilə bağlı hələlik razılaşmamız yoxdur”, - Rubinyan bildrimişdi.
Rubinyan onu da qeyd edib ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və istismara hazırdır.
İki dövlət arasında münasibətlərin tənzimlənməsi üzrə Türkiyənin xüsusi elçisi 7 il ABŞ-da səfir olmuş və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışmış Sərdar Kılıçdır.