Orbanla faydalı, səmimi söhbət olub.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstan Baş naziri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
Putin deyib ki, Rusiya və Macarıstan mövcud çətin geosiyasi vəziyyətdə dialoqu davam etdirirlər, bu, vacibdir: "Rusiya və Macarıstan sağlam praqmatizm və qarşılıqlı fayda prinsipləri əsasında bir sıra sahələrdə əməkdaşlığı davam etdirirlər".
Putin qeyd edib ki, Orbanla aktual məsələlər, o cümlədən Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıb, Ukraynada mümkün nizamlanma yollarını müzakirə edib: "Orban Kiyevə səfərindən və Ukrayna rəhbərliyi ilə təmaslarından danışıb. Orban Ukrayna ilə bağlı danışıqlara şərait yaratmaq üçün yanğını dayandırmağa çağırıb".
Putin bildirib ki, Rusiya Federasiyası Ukraynada nizamlanmanın müzakirəsinə açıqdır, lakin Kiyev bunu istəmir:
"Kiyev hərbi əməliyyatların dayandırılması fikrinə imkan vermir, çünki hərbi vəziyyətin uzadılması üçün bəhanə aradan qalxır".
Putin hesab edir ki, hərbi vəziyyət ləğv edilsə, seçkilər keçirilməli olacaq.
Rusiya lideri vurğulayıb ki, reytinqini itirmiş Ukrayna rəhbərliyinin seçkilərdə qalib gəlmək şansı sıfıra yaxındır: "Rusiya Federasiyası Ukraynadakı münaqişənin atəşkəs və ya pauza deyil, Moskvanın səsləndirdiyi şərtlərlə tamamilə dayandırılmasının tərəfdarıdır”.
Rusiya lideri diqqətə çatdırıb ki, bütövlükdə Orbanla danışıqlar vaxtında və hər iki tərəf üçün faydalı olub: "Orban danışıqlar zamanı əsasən Qərbin, o cümlədən Ukraynanın nəzər-nöqteyini təqdim edib".
Putin Ukrayna qoşunlarının Donbass və Novorossiyadan tam çıxarılmasını münaqişəyə son qoymağın şərtlərindən biri adlandırıb.
Onun sözlərinə görə, Rusiya Federasiyası Orbanın səfərini dialoqu bərpa etmək və ona əlavə təkan vermək cəhdi kimi qəbul edir.
Putin Rusiya ilə Aİ arasında münasibətlərdən də danışıb. O bildirib ki, Moskva ilə Brüssel arasında münasibətlər ən aşağı nöqtədədir.
O, Orbanla Avropada gələcək təhlükəsizlik arxitekturasının mümkün prinsiplərini müzakirə etdiyini əlavə edib.
**13:39
Macarıstan Baş naziri Viktor Orban Rusiyaya işgüzar səfər edib.
Bu barədə Orbanın mətbuat katibi açıqlama yayıb.
Macarıstan Baş nazirinin təyyarəsi Moskvanın “Vnukovo-2” hava limanına enib.
Orbanın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacağı gözlənilir.