Britaniyanın yeni Baş naziri Kir Starmer jurnalistlər üçün ilk mətbuat konfransını keçirib.
Yerli KİV xəbər verir ki, o, yeni hökumətin artıq fəaliyyətə başladığını bildirib. K. Starmer iyulun 7-də Böyük Britaniyanın bütün dörd ölkəsini ziyarət etmək üçün səfərə çıxacağını diqqətə çatdırıb.
“Əvvəlcə Şotlandiyaya, sonra Şimali İrlandiyaya, daha sonra Uelsə gedəcəyəm, orada birinci nazirlərlə görüşəcəyəm”, - deyə o, qeyd edib.
Baş nazir deyib ki, o, Böyük Britaniyada fərqli iş üsulu qurmaq istəyir. Kir Starmer vəzifəyə gəldikdən sonra artıq bir sıra dünya liderləri ilə danışdığını və NATO Sammiti üçün növbəti həftə Vaşinqtona gedəcəyini qeyd edib.
Baş nazir çıxışında təhlükəsizlik və müdafiə məsələlərinin hökumətin bir nömrəli vəzifəsi olduğunu vurğulayıb.
O, əvvəlki hökumətin mübahisəli Ruandaya deportasiya planı haqqında da danışıb. Deyib ki, bu layihə reallaşdırılmağa başlamadan əvvəl “ölüb” və “basdırılıb”.
**17:33
Kir Starmer Böyük Britaniyanın yeni Baş naziri kimi ilk tam günündə kabineti ilə “10 Downing Street”də görüş keçirib.
Yerli KİV xəbər verir ki, Baş nazir xəstəxanada gözləmə siyahıları, kiçik qayıqlarla Britaniyaya qanunsuz keçidlər də daxil olmaqla, bir sıra aktual problemlər qarşısında görüləcək böyük işlərin olduğunu bildirib.
O, bu gün, həmçinin ilk dəfə Baş nazir kimi mətbuat qarşısına çıxacaq, jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, Baş nazir kabinetinə təyinatları iyulun 5-də həyata keçirib. Yeni təyinatlara əsasən, Ancela Reyner Baş nazirin müavini, İvett Kuper daxili işlər naziri, Devid Lemmi isə xarici işlər naziri təyin edilib. Bundan əlavə, Ed Milibend enerji naziri, Con Hili müdafiə naziri, Reyçl Rivz isə maliyyə naziri olublar.
Reyçl Rivz isə Britaniyanın ilk qadın maliyyə naziri kimi tarixə düşüb.