Avropa Parlamentinə seçkilərdə məğlubiyyətdən sonra Prezident Emmanuel Makronun elan etdiyi Fransa Milli Assambleyasına növbədənkənar seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.
Yerli KİV xəbər verir ki, bu gün Fransa ərazisində seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. Səsvermə yerli vaxtla axşam saat 18:00-a, böyük şəhərlərdə isə 20:00-a qədər davam edəcək. Ölkədə təxminən 49,3 milyon vətəndaş səsvermə hüququna malikdir.
Növbədənkənar parlament seçkilərinin iyunun 30-da keçirilmiş birinci turunda artıq 76 deputat seçilib. Bu gün isə Milli Assambleyaya 501 yeni deputat seçiləcək. Ümumilikdə, ikinci turda 438-i qadın və 656-ı kişi olmaqla 1094 namizəd iştirak edir.
Qeyd edək ki, xaricdə yaşayan, eləcə də Amerika qitəsi və Karib hövzəsində növbədənkənar parlament seçkiləri iyulun 6-da başlayıb. Xaricdə yaşayan 460 min fransız qanunvericilik seçkilərinin ikinci turuna onlayn səs verib ki, bu da yeni rekorddur. Ötən bazar günü qanunvericilik seçkilərinin birinci turunda 410 000 fransız onlayn səs vermişdi.
Fransanın dənizaşırı departament və ərazilərində isə ikinci tura səsvermə Paris vaxtı ilə saat 13-dən başlayacaq.
Fransanın daxili işlər naziri Jerar Darmanin parlament seçkilərindən sonra iğtişaşlar olacağı barədə xəbərdarlıq edib. Ehtimal olunan iğtişaşların qarşısını almaq üçün Parisdə 5 000, ölkə üzrə isə 30 min polis səfərbər olunub.