Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində Oksfordda Blenheym Sarayının həyətində görüşüblər.
Senzor.az bildirir ki, bu barədə görüntülər erməni KİV-ində və sosial şəbəkələrdə yayılıb.
Paşinyanla səmimi görüşən Makron daha sonra bir kənara çəkilərək, onunla söhbət edib. Söhbətin detalları haqda heç bir məlumat olmasa da, onların üz ifadələrindən ciddi məsələdən danışdıqları təxmin edilir.
Ermənistan hökumətinin yaydığı açıqlamada isə görüş zamanı İrəvan və Paris münasibətlərinin, eləcə də Cənubi Qafqazdakı vəziyyətin müzakirə edildiyi bildirilib.
Qeyd olunub ki, Paşinyan və Makron Ermənistan və Azərbaycan arasında sülh prosesinə də toxunublar. Regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində səylərin vacibliyi vurğulanıb.