Venesuelanın hüquq-mühafizə orqanları iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinə etirazlar edən 749 nümayişçini saxlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.
“Bu günə kimi 749 nəfər saxlanılıb, onların işi Baş Prokurorluğa veriləcək”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin şübhəli bilindiyi cinayətlər arasında təkcə ictimai əmlakın dağıdılması deyil, terrorizm və nifrətin qızışdırılması da var.
Saab həmçinin iğtişaşlar zamanı bir hərbçinin öldüyünü təsdiqləyib.
Bundan əvvəl Cənubi Amerika ölkəsinin müdafiə naziri Vladimir Padrino Lopez asayişin qorunmasında iştirak edən silahlı qüvvələrin 20-dən çox əməkdaşının yaralandığını bildirmişdi.
**20:40
İfrat sağçı müxalifət ABŞ və müttəfiqlərinin dəstəyi ilə Venesuelada dövlət çevrilişi cəhdi həyata keçirməyə çalışır.
TASS xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin müdafiə naziri Vladimir Padrino Lopes bildirib.
“Biz imperialist qüvvələr - Şimali Amerika imperializmi və onun müttəfiqləri tərəfindən dəstəklənən sağçı ekstremistlər tərəfindən yenidən dövlət çevrilişinə cəhd olduğunu görürük”, - o deyib.
Xatırladaq ki, daha əvvəl Venesuelanın hazırkı Prezidenti Nikolas Maduronun ölkədə keçirilmiş prezident seçkilərində qalib gəldiyi açıqlanmışdı. “Reuters”in məlumatına görə, ABŞ administrasiyası Venesuela hökumətinin səslərin ətraflı cədvəlini dərc etməsində israr edir, əks təqdirdə onlar səsvermənin nəticələrini qəbul etməkdən imtina edəcəklərini və sanksiyalar tətbiq edəcəklərini bildirirlər.