İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ, Böyük Britaniya və Fransanın HƏMAS Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin qətli ilə bağlı Rusiyanın irəli sürdüyü bəyanat layihəsini rədd etdiklərini açıqlayıb.
Bu barədə diplomat BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“ABŞ, Böyük Britaniya və Fransa Rusiyanın İsrailin vəhşiliyini pisləyən təklifini bloklayıblar”, – İrəvani çıxışında vurğulayıb.
Xatırladaq ki, daha əvvəl BMT TŞ-nin dövri sədri Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də fövqəladə iclas keçirəcəyini açıqlamışdı.
İ.Həniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
**20:55(31.07.2024)
İran HƏMAS hərəkatı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli, həmçinin İsrailin Beyruta endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclasının keçirilməsini tələb edib.
Senzor.az bildirir ki, bu barədə BMT TŞ-nin sədrlik etdiyi ölkəyə (Rusiya) göndərilən məktubda deyilir.
İclas avqustun 1-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.