Banqladeşin paytaxtındakı hökumət rəsmiləri iş yerlərini təlaş içində tərk etməyə başlayıblar.
Senzor.az “New Age” portalına istinadən bildirir ki, nazirliklərin əməkdaşları Dəkkədəki “Bangladesh Sachibalaya” hökumət məhəlləsindən tələsik qaçırlar.
Nəşrin məlumatına görə, bu, paytaxtdakı rəsmi binaların talan ediləcəyi və yandırılacağı barədə şayiələrin yayılmasından sonra başlayıb. İşçilər təhlükəsizliklərinə görə narahatdır.
Bu arada Banqladeş prezidenti Şahabuddin Çuppu Baş nazir Şeyx Hasinanın istefasından sonra müvəqqəti hökumətin formalaşdırılması üçün parlamenti buraxıb.
Müvafiq qərar dövlət başçısı Administrasiyasının yaydığı press-relizdə yer alıb.
“Prezidentin Silahlı Qüvvələrin üç qolunun rəhbərləri, müxtəlif siyasi partiyaların liderləri, vətəndaş cəmiyyətinin nümayəndələri və “Tələbələr ayrı-seçkiliyə qarşı” hərəkatının liderləri ilə görüşünün yekunlarına dair qərar əsasında milli parlament buraxılıb”, - press-relizdə deyilir.
Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina etirazlar fonunda istefa verib. O, ölkəni tərk edərək Hindistana qaçıb.