HƏMAS lideri Yəhya Sinvar Qəzzada atəşkəsin qurulması üçün əsas şərtini açıqlayıb.
Bu barədə "Vaynet" nəşri Misirin yüksək rütbəli məmuruna istinadən məlumat yayıb.
Məlumata görə, Sinvar atəşkəs üçün ilkin şərtlərdən biri kimi sağ qalmasına zəmanət verilməsini istəyib: "İsmayıl Haniyənin öldürülməsindən sonra Sinvar sağ qalacağı barədə zəmanət veriləcəyi təqdirdə Qəzzada atəşkəsin mümkün olduğunu bildirib".
Qəzzada yeraltı tunellərdə gizləndiyi deyilən Sinvar bundan əvvəl İsraillə döyüşərkən ölməyin şərəf olduğunu iddia etmişdi.
CNN telekanalının məlumatına görə, Sinvar HƏMAS-ın yeni lideri kimi təqdim edildikdən sonra Qətər və Misir vasitəçilərindən müharibəni bitirmək üçün səy göstərmələrini xahiş edib.
Qeyd edək ki, İsrail rəsmiləri dəfələrlə bildiriblər ki, HƏMAS liderləri gəzən ölülərdir və uyğun zamanda öldürüləcəklər.