ABŞ-ın "NBC News" telekanalına müsahibə verən Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, onun beş bəndlik qələbə planı var.
Planın bəndlərindən biri də Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatdır.
Zelenski qeyd edib ki, öz planını hələ ABŞ Prezidenti Co Baydenə təqdim etməyib, çünki indiyədək Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki uğurunu gözləyib.
Kursk əməliyyatının əsl mahiyyətini izah edən Zelenski gözlənilməz etiraf edib. Onun sözlərinə görə, Ukrayna ordusu Qərbin diqqətini silah təchizatında, xüsusilə artilleriya mərmilərindəki çatışmazlığa cəlb etmək üçün qeyri-ənənəvi addım atmalı idi.
Zelenskinin fikrincə, Ukrayna Silahlı Qüvvələri öz məqsədlərindən birinə nail ola bilib və Rusiya ordusu Ukraynadakı cəbhələrdən 60 min hərbçini çıxarıb.
Dövlət başçısı bəyan edib ki, onun qələbə planı beş bənddən ibarətdir, lakin o, bu bəndləri daha ətraflı açıqlamaqdan imtina edib.
"Dördü bizə lazım olan şeydir, biri isə müharibədən sonradır", - deyən Ukrayna Prezidenti əlavə edib ki, Qərb müttəfiqləri bu işdə kömək edə bilərlər.
Eyni zamanda o, etiraf edib ki, Rusiyasız sülhə nail olmaq mümkün deyil.
"Biz başa düşürük ki, Rusiya tərəfi olmadan bu müharibəni diplomatik yolla bitirmək çox çətindir. Və bütün ölkələr bizdən xahiş etdilər ki, ikinci sammitdə Rusiya Federasiyasının nümayəndələri də olsun. Dedik ki, biz bunun əleyhinə deyilik, gəlin plan hazırlayıb onları çağıraq", - Zelenski bildirib.(Oxu.az)