İsrailin Baş naziri Benyamin Netanyahu nazirlərin Qüdsdəki köhnə şəhərin əsas dini məkanlarından biri Məbəd dağını əvvəlcədən icazə almadan ziyarət etmələrini qadağan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Nazirlər onun (Netanyahunun) hərbi katibi vasitəsilə əvvəlcədən icazəsi olmadan Məbəd dağına qalxmamalıdırlar”, - bəyanatda deyilir. Bundan əlavə, Baş nazir bildirib ki, Məbəd dağı ilə bağlı status-kvoda hər hansı dəyişiklik yoxdur və olmayacaq.
Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir 2024-cü ildə artıq üç dəfə - 22 may, 18 iyul və 13 avqustda Məbəd dağına çıxıb. Bundan əlavə, iyulun 24-də Knessetdə (parlamentdə) “İsrailin Məbəd dağına qayıtması”na həsr olunmuş konfransda o, ölkə hakimiyyətinin nümayəndəsi kimi yəhudilərə bu yerdə dua etməyə icazə verdiyini bildirib. Bununla nazir faktiki olaraq Məbəd dağı ətrafındakı status-kvonu mübahisələndirib, çünki orada yalnız müsəlmanların namaz qılmaq hüququ var, yəhudilər isə kompleksi dini ayinləri yerinə yetirmədən ziyarət edə bilərlər.