İsrail ordusunun dünən Livanda “Hizbullah” hərəkatının obyektlərinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı artıb.
TASS xəbər verir ki, bu barədə məlumatı Livanın səhiyyə naziri səlahiyyətlərini icra edən Firas Abyad açıqlayıb.
Onun sözlərinə görə, aviazərbələr səbəbindən 558 nəfər ölüb, daha 1 835 nəfər isə yaralanıb: “Həlak olanlar arasında 50 uşaq və 94 qadın var”.
**01:48
Sentyabrın 23-də İsrailin hava hücumları nəticəsində Livanda ölənlərin sayı 492-yə çatıb. Onlardan 35-i uşaq, 58 nəfəri isə qadınlardır.
“Al Jazeera“ xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Hücumlar nəticəsində azı 1 645 nəfər xəsarət alıb.
Bu arada İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, ölkənin Hərbi Hava Qüvvələrinin qırıcıları və təyyarələri Livanın “Hizbullah” hərəkatının obyektlərinə zərbələr endirmək üçün gün ərzində 650-dən çox döyüş uçuşu həyata keçiriblər.
**22:41 (23.09.2024)
İsrail Müdafiə Qüvvələri (SAXAL) "önləyici hücum əməliyyatına" başlayıb və son 20 ildə "Hizbullah"ın Livanda inşa etdiyi hərbi infrastruktura zərbələr endirir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, "biz hədəfləri vururuq və növbəti mərhələlərə hazırlaşırıq, bu barədə sonra danışacağam".
İsrailin baş naziri Benyamin Netanyahu isə Livan sakinlərinə ingilis dilində müraciət edərək "təhlükəli zonaları" tərk etməyi xahiş edib.
Onun sözlərinə görə, İsrail qüvvələri livanlılara qarşı deyil, mülki şəxslərin evlərində və qarajlarında raketlər gizlədən "Hizbullah"a qarşı vuruşur. Baş nazir söz verib ki, İsrail əməliyyatı başa çatdıqdan sonra livanlılar öz evlərinə qayıda biləcəklər.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri bir gündə Livandakı mindən çox “HİZBULLAH hədəfinə zərbələr endirib. Nəticədə, son məlumata görə, 325 nəfər həlak olub, 1200-dən çox yaralı var.