Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri İsrailin Livandakı əməliyyatı fonunda kütləvi qaçqın axını təhlükəsi ilə bağlı mümkün fəaliyyət variantlarını müzakirə ediblər.
“Euractiv” portalı bu barədə Avropa Komissiyasının nümayəndələrinə istinadla məlumat yayıb.
“Brüssel Livanda humanitar böhranı və miqrasiya yollarında vəziyyəti diqqətlə izləyir. Avropa İttifaqının xarici işlər nazirləri İsrailin Livana hücumu ilə bağlı narahatlıqlar fonunda blok ölkələrinə miqrant axınının mümkünlüyünü müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Livanın Baş naziri Nəcib Mikati İsrail ordusunun ölkənin cənub bölgələrini bombalaması səbəbindən 1 milyona yaxın insanın didərgin düşdüyünü bildirib. Onun sözlərinə görə, respublika hökuməti köçkünlərin əsas ehtiyaclarını vaxtında təmin etmək üçün beynəlxalq təşkilatlarla çalışır.